Volterra tipli inteqral tənliyin həllinin varlığı və yeganəliyi

Attached: anyone can read

Created almost 10 years ago

ID22949

$\newcommand{\bbN}{\mathbb{N}}$

Volterra tipli ikinci növ inteqral tənliyə baxaq:
$$f(x) - \int_a^x K(x,t)f(t)dt = \varphi(x), \quad x \in [a,b],$$
burada $K(x,t)$ nüvəsi $[a,b] \times [a,b]$ kvadratında, $\varphi(x)$ isə $[a,b]$ parçasında kəsilməz funksiyalardır. Bu tənliyi
$$f(x) = \int_a^x K(x,t)f(t)dt + \varphi(x), \quad x \in [a,b],$$
şəklində yazdıqdan sonra $C[a,b]$ metrik fəzasında təsir edən
$$Af(x) := \int_a^x K(x,t)f(t)dt + \varphi(x)$$
inikası təyin etsək görərik ki, inteqral tənliyin həlləri $A$ operatorunun tərpənməz nöqtələri ilə üst-üstə düşür.

İxtiyari $f$, $g \in C[a,b]$ funksiyaları və $x \in [a,b]$ nöqtəsi üçün yaza bilərik:
$$|Af(x) - Ag(x)| = \left| \int_a^x K(x,t)(f(t)-g(t))dt \right| \le M (x-a) \|f-g\|_{C[a,b]},$$
burada
$$M := \max_{\substack{x \in [a,b] \\ t \in [a,b]}} |K(x,t)|.$$
Eyni qayda ilə,
$$|A^2 f(x) - A^2 g(x)| = \left| \int_a^x K(x,t)(Af(t)-Ag(t))dt \right| \le M^2 \frac{(x-a)^2}{2} \|f-g\|_{C[a,b]}$$
və ümumiyyətlə hər bir $n \in \bbN$ üçün
$$|A^n f(x) - A^n g(x)| = \left| \int_a^x K(x,t)(A^{n-1}f(t)-A^{n-1}g(t))dt \right| \le M^n \frac{(x-a)^n}{n!} \|f-g\|_{C[a,b]}.$$
Bu bərabərsizlikdən çıxır ki,
$$\|A^n f - A^n g\|_{C[a,b]} \le \frac{(M(b-a))^n}{n!} \|f-g\|_{C[a,b]}.$$
Onda
$$\lim_{n \to \infty} \frac{(M(b-a))^n}{n!} = 0$$
olduğu üçün elə $n \in \bbN$ tapa bilərik ki,
$$\frac{(M(b-a))^n}{n!} < 1$$
şərti ödənsin, başqa sözlə desək, $A^n$ sıxan inikas olsun. Sıxan inikas prinsipindən çıxan nəticəyə əsasən $A$ inikasının yeganə tərpənməz nöqtəsi var. Başqa sözlə desək, Volterra tipli ikinci növ inteqral tənliyin həlli var və bu həll yeganədir.

See in the graph Search below

Parents1More general nodes this one belongs to